Buraxılış imtahanı iştirakçıları üçün tövsiyələr

Buraxılış imtahanı iştirakçıları üçün tövsiyələr

Əziz şagirdlər!

Məlumdur ki, tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında hər fənn üzrə müəyyən sayda tapşırıq yazı işi (ətraflı həll və ya cavab yazılması tələb olunan) tapşırıqlarıdır. Qarşıdan gələn bu imtahanlarda daha rahat və effektiv nəticə əldə etməyinizə faydalı ola biləcək bir neçə tövsiyəni diqqətinizə çatdırırıq. Burada əvvəlcə imtahanda davranış qaydaları və imtahan sənədlərinə aid bir neçə tövsiyə qeyd edilib. Sonra isə konkret fənlər üzrə yazı işi tapşırıqlarını yerinə yetirərkən diqqət edilməli məqamlar yazılıb.

1. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini və tünd-göy (və ya qara) rəngdə yazan diyircəkli qələm gətirməyi unutmayın;

2. “İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;

3. İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

4. İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;

5. İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

6. Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;

7. Sual kitabçasını və cavab vərəqini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;

8. Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki qeydləriniz nəzərə alınır;

9. İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir;

10. Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin;

11. Yazı işi tünd-göy və ya qara rəngli diyircəkli qələmlə səliqəli və oxunaqlı xətlə yazılmalıdır.

Azərbaycan dili fənnindən

1. mətn üzrə hər bir tapşırığın şərtini diqqətlə oxuyun və onu yerinə yetirmək üçün mətndən sizə lazım olacaq məqamları qeyd edin;

2. yazı işi tapşırıqlarını cavablandırmazdan əvvəl onun aid olduğu mətni diqqətlə oxuyun;

3. mətnə aid yazı işi tapşırıqlarını yerinə yetirərkən tapşırığın şərtinə, tələbinə (həm sual kitabçasında, həm də cavab vərəqində verilən) və mətndə bu tələblə bağlı məlumatlara mütləq diqqət yetirin. Tapşırığın tələbinə və mətnə heç bir aidiyyəti olmayan fikirləri cavab kimi yazmayın. Tapşırığın doğru cavabını müəyyən etməyə çalışın, doğru hesab etdiyiniz fikirləri yazın;

4. hər bir tapşırığa verdiyiniz cavabı və tapşırığa aid fikirlərinizi cavab vərəqində həmin tapşırıq üçün ayrılmış (həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun) hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazın;

5. tapşırığın şərtində müəyyən sayda söz (cümlə, fikir və s.) yazmaq tələb olunursa, tələb olunan sayda söz (cümlə, fikir və s.) yazılmalıdır, tapşırığın şərtini ödəməyən səhv söz (cümlə, fikir və s.) yazılmamalıdır;

6. tapşırığın şərtində xarakterik xüsusiyyət yazmaq tələb olunursa, bu xüsusiyyəti ifadə edən konkret söz (və ya sözlər) yazılmalıdır (məs: igid, cəsur, vətənpərvər və s.). Bu zaman birdən çox xarakterik xüsusiyyətin yazılması tələb olunan tapşırıqlarda eyni xüsusiyyətin sinonim variantları deyil, fərqli xüsusiyyətlər yazılmalıdır;

7. tapşırığın şərtində verilən aforizmin mətnlə əlaqələndirilməsi tələb olunursa, yalnız mətndəki fikirlər olduğu kimi köçürülməməlidir, aforizm ilə mətndəki fikirlər əlaqələndirilməlidir;

8. tapşırığın şərtində mətndən müəyyən şərti ödəyən faktlar seçilib yazılması tələb olunursa, mətndənkənar (mətndə olmayan) faktlardan istifadə olunmamalıdır. Həmçinin, tapşırığın şərtində mətndəki müəyyən fikirlə bağlı mətndə olmayan faktlar yazılması tələb olunursa, bu zaman mətndənkənar faktlar yazılmalıdır;

9. tapşırığın şərtində mətndəki hər hansı sözün qarşılığını (bu qarşılıq mətndə həmin sözün əvəzinə yazıldıqda aid olduğu cümlədəki fikir itməməlidir) yazmaq tələb olunursa, həmin sözün izahı deyil, konkret qarşılığı yazılmalıdır (məs: məhzun – kədərli, qəmli, dərdli);

10. tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, həmin abzasdakı cümlələr arasında, abzaslar arasında rabitə gözlənilməlidir (məntiqi baxımdan);

11. tapşırığın şərtində cümləni (abzası, mətni) tamamlamaq tələb olunursa, yazılmış ifadə mənaca uyğun olmaqla yanaşı, qrammatik cəhətdən də uyğun olmalıdır (məs: hadisələr keçmiş zamanda baş verirsə, yazılacaq ifadə də keçmiş zamanda olmalıdır və s.);

12. tapşırığın şərtində cümlənin (və ya fərqləndirilmiş hissənin) üslubi xüsusiyyətlərini yazmaq tələb olunursa, cümlənin (və ya hissənin) aid olduğu üslubun ümumi xüsusiyyətləri deyil, cümlənin (və ya hissənin) həmin üslubda daşıdığı xüsusiyyətlər yazılmalıdır;

13. səbəb-nəticə əlaqəli tapşırıqlarda verilmiş səbəbin birbaşa (və ya əsas) nəticəsi, verilmiş nəticənin isə birbaşa (və ya əsas) səbəbi yazılmalıdır;

14. tapşırığın şərtində cümləni bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirib yenidən yazmaq tələb olunursa, hər məcazi ifadəni yazmaq doğru deyil, çünki hər məcazi məna daşıyan ifadə məcaz hesab olunmur (məs: “qulaq asmaq” ifadəsi frazeoloji birləşmə (məcazi mənalı ifadə) olsa da, məcaz deyil);

15. tapşırığın şərtində mətndə olan hər hansı cümlədə kontekstdəki mənaya uyğun olmayan ifadələri müəyyən edib düzəliş etməklə cümləni yenidən yazmaq tələb olunursa, cəmlənin strukturu və məzmunu dəyişdirilmədən konkret yanlış işlədilmiş sözlər doğru ifadələrlə əvəz edilərək cümlə yenidən yazılmalıdır.